News
İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib.

Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.
Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə “Şelf” tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq “Dədə Qorqud” və “İstiqlal” kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb.
Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı görüşdə çıxış etdi.