News
CDC və KazMunayQaz

SOCAR və KazMunayQaz Milli Şirkəti arasında 26 yanvar 2019-cu il tarixində Bakı şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Kaspian Drilinq Kompani Limited" MMC şirkətinin baş direktoru Farid Axundov və «KMG Drilling & Services» şirkətinin baş direktoru Andar Şukputov tərəfindən 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Sətti” özüqalxan üzən qazma qurğusunun etibarlı idarəetməyə verilməsinə dair imzalanmış müqaviləyə uyğun olaraq, adıçəkilən qazma qurğusu Qazaxıstan Respublikasının Ersay limanını tərk edərək 20 iyun 2019-cu il tarixində "Kaspian Drilinq Kompani Limited" MMC-nin müasir dəniz təchizat və logistika bazasına yan almışdır.

Məlumat üçün bildirilir ki, Müqavilə şərtlərinə əsasən qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik "Kaspian Drilinq Kompani Limited" MMC tərəfindən ona məxsus müasir dəniz təchizat və logistika bazasında “Sətti” ÖÜQQ-nin təkmilləşdirilməsi həyata keçiriləcək. Təkmilləşdirmənin bu ilin sonuna kimi bitməsi gözlənilir. Təkmilləşdirmədən sonra qurğu vasitəsilə 6.000 metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabiliyyətliyi artacaq.

Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra qazma qurğusunun BP və SOCAR-ın birgə istismar etdiyi Abşeron (SWAP) strukturunda, Ümid-Babək blokunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti “Kaspian Drilinq Kompani Limited” MMC həyata keçirəcək.